Sahib Məmmədov: “Laçın-Xankəndi yolundakı aksiya həm Ermənistanı, həm ərazidə yerləşən Rusiya Silahlı Qüvvələrini, həm Ermənistana havadarlıq edən dövlətləri və qüvvələri şahmat dili ilə desək, “pat” vəziyyətinə saldı

Sahib Məmmədov: “Aksiya həm Ermənistanı, həm ərazidə yerləşən Rusiya Silahlı Qüvvələrini, həm Ermənistana havadarlıq edən dövlətləri və qüvvələri ”pat” vəziyyətinə saldı”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovun sözlərinə görə, 138 günlük dinc aksiya şəksiz ki, Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq: “Bu, Azərbaycan vətəndaş cəmiyyətinin ölkə prezidentinin Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyamızın bərqərar olunması ilə əlaqədar həyata keçirdiyi siyasətə və fəaliyyətə böyük bir dəstək idi. Heç bir qarşıdurma, silahlı insident olmadan dinc aksiyanın nəticəsi olaraq Ermənistanın və ərazilərimizdə 10 noyabr üçtərəfli bəyannaməsinin imzalanmasından sonra da fəaliyyətini davam etdirməyə cəhd edən separatçı-cinayətkar qrupun bütün planları pozuldu. Həmin vaxta qədər separatçı qüvvələr “Laçın dəhlizi” adlandırlan yoldan sərbəst istifadə etməklə əraziyə qanunsuz yüklərin, o cümlədən silahların daşınmasını davam etdirir, ərazidəki mineral ehtiyatlar vəhşicəsinə istismar olunaraq Ermənistana daşınırdı. Hətta bəzi xarici ölkələr də öz yüklərini Azərbaycan ərazisinə dövlət sərhədini pozaraq gətirirdilər”. S.Məmmədov bildirdi ki, 12 dekabr 2022-ci il tarixindən bütün bunların qarşısı alındı: “Özü də silah işlətmədən, hakimiyyət orqanlarının bilavasitə iştirakı olmadan. Aksiya həm Ermənistanı, həm ərazidə yerləşən Rusiya Silahlı Qüvvələrini, həm Ermənistana havadarlıq edən dövlətləri və qüvvələri şahmat dili ilə desək, “pat” vəziyyətinə saldı. Rusiya Silahlı Qüvvələrinin dinc aksiyaya müdaxilə etmək kimi mandatı yox idi. Ermənistan bu halda heç nə edə bilməyəcəkdi. Separatçıların isə hər hansı hərəkəti onların onsuz da yaxınlaşmaqda olan sonunu gətirəcəkdi. Beləliklə, “Laçın dəhlizi” termini də tarixə qovuşdu. Azərbaycan dövləti Laçın yolunda sərhəd buraxılış-yoxlama məntəqəsi quraşdırdıqdan sonra isə yol üzərində Azərbaycanın legitim nəzarəti təmin olundu. Qlobal informasiya məkanında “erməni mənşəli əhalinin blokadaya alınması” adı altında təşkil olunan total təbliğat da işə yaramadı”. S.Məmmədov qeyd etdi ki, aksiya iştirakçıları əhalinin yaşayışını təmin edən bütün yüklərin, o cümlədən ərzaq, istehlak malları, tibbi avadanlıqlar və tibbi ləvazimatların daşınması və yerli əhalinin gediş-gəlişi üçün zəruri şəraiti yaratdı: “Başqa məsələ idi ki, ərazidəki separatçı idarəetməyə rəhbərlik edənlər özləri erməni əhalinin öz nəqliyyat vasitələrindən istifadə etməsinə qadağa qoymuşdu və bunu da qəsdən “blokada” effekti yaratmaq üçün etmişdilər. Nəticə isə ona gətirdi ki, əvvəlcə ərazilərdə qanunsuz fəaliyyət göstərən və mineral ehtiyatlarımızı vəhşicəsinə istismar edən dağ-mədən sənayesi süqut etdi, daha sonra əraziyə silah-sursatın daşınmasının qarşısı alındı və nəhayət, cəmi 23 saat çəkən antiterror tədbiri ərazilərimiz üzərində de-fakto yurisdiksiyamızın təmin olunmasına gətirdi. Xankədidə 8 noyabrda keçirilən Zəfər Paradı, əlbəttə, 44 günlük Vətən müharibəsinin nəticəsində baş verdi. Bununla belə, bu Zəfər Paradına gedən yolda Azərbaycan fəallarının dinc aksiyası da mühüm addım idi. Tarixi Qələbəmiz, Ali Baş Komandan, Ordu və Xalq vəhdətinin nəticəsində baş vermişdi. Vətəndaş cəmiyyəti isə fəal və təşkilatlanmış xalq təmsilçiləridir”.

Mənbə: Musavat

https://www.musavat.com/news/susa-xankendi-yolundaki-ekoloji-aksiyadan-bir-il-kecdi-mohtesem-neticeler-ortada_1028807.html?fbclid=IwAR1Pny8j4Ioml7OF0oUxgp-kEyfOwQZKdC6pwFP21J0yvKncqndNEkf2MdA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *