Şuşa ilə bağlı son məlumatlar

Son günlər Azərbaycan mətbuatında Şuşa ilə bağlı maraqlı xəbərlər paylaşılır. İlk öncə İTV Xəbərə əsasən Şuşada Türkiyə konsulluğunun açılması yönündə artıq konkret qərar verilib.
Bu barədə “İTV Xəbər”ə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müsbət qərar qəbul edilib:
“Bir xoş xəbər verim. Tezliklə Şuşada konsulluğumuz açılacaq”.

Bundan başqa bildirilir ki, Şuşada abadlıq işləri davam edir. Demokrat.az saytı bununla bağlı görüntüləri təqdim etmişdir.

Daha bir məlumat ondan ibarətdir ki, Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan may ayının 2-ci yarısında Şuşaya birgə səfər edəcəklər.

Demokrat.az xəbər verir ki, bu haqda məlumat “Operativ Məlumat Mərkəzi” Telegram kanalında yayılıb.

Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bir müddət əvvəl Qazaxıstanın Türküstan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderlərinin videokonfrans formatında keçirdiyi qeyri-rəsmi görüşdə Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşaya səfər etmək istəyini vurğulamışdı. Bu gün tərəflərin mayın ikinci yarısında Şuşaya birgə səfəri planlaşdırıldığı açıqlandı. Həmçinin, Türkiyə Şuşada konsulluq da açacaq.

Türkiyə dövlət başçısının Şuşaya səfərinin əhəmiyyəti barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a verdiyi açıqlamada bunları deyib:

“Türkiyə Prezidentinin səfəri hər zaman təqdir etdiyimiz hadisədir. Düşünürəm ki, bu səfər tarixi əhəmiyyəti olan hadisədir. Türkiyə dövlət başçısının bölgəyə bu cür gəlişi həm də Azərbaycanla Türkiyənin birlikdə hərəkət etmək niyyətinin olduğunu göstərir. Şuşada konsulluğun açılması da Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi mənasına gəlir”.

Millət vəkili Türkiyə dövlət başçısının səfəri zamanı gündəmə gələcək məsələlərə də toxunub:

“Bu səfər çərçivəsində Qarabağın gələcəyi, Zəngəzur dəhlizinin açılması və Ermənistanın bütövlükdə bu məsələyə inteqrasiya olunması ilə bağlı müəyyən məsələlərdə yanaşmalar nəzərdən keçiriləcək”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *