Azərbaycanlılara işgəncə verməkdə ittiham olunan ermənilərin məhkəmə prosesi davam edir

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı işgəncələr və digər insanlıq əleyhinə cinayətlərdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi məhkəmə prosesi iyunun 9-da Yasamal Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə davam etdirilmişdir.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Məhkəmədə müşahidəçi qismində iştirak edən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Bü gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında təşkil olunan Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə sülh və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Lüdviq Mkrtçyan və Alyoşa Xosrovaynın işi ilə bağlı məhkəmə prosesində müstəqil QHT müşahidəçisi qismində iştirak etdim. Proses zamanı təqsirləndirilən şəxslər vəkillərin vəsatəti ilə müttəhimlər üçün nəzərdə tutulan şüşəli kabinədən çıxarılıb, məhkəmə zalında vəkillərin yanında əyləşdirildilər.

Prosesdə ittiham aktı oxundu və zərərçəkmişlərdən bir neçəsi ifadə verdi. Zərərçəkmişlərin məruz qaldıqları çox təsirli və tükürpədici epizodlarla dolu işgəncə faktları barədə təfsilatlı ifadələrini dinləmək çox ağır idi. Məhkəmənin təşkili, tərəflərin bərabərliyi, təqsirləndirilən şəxslər üçün ifadə vermək, materiallarla və söylənilənlərlə, hüquqlarının izahı ilə bağlı hakimdən məlumat almaq, zərərçəkmişlərin ifadə verməsi, tərcümənin təmin olunması, Ombudsman, QHT və Media nümayəndələrinə lazımi şəraitin yaradılması, ümumiyyətlə ədalətli məhkəmə araşdırması (Fair Trial), tərəflərə bərabər şərait (Equality of arms) və şəffaf və açıq məhkəmə çəkişməsi bağlı bütün beynəlxalq standartlara riayət olunmuşdu”.