Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirilir 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

50 ölkəni təmsil edən 115 gəncin iştirak etdiyi Diaspor Gənclərinin III Yay Düşərgəsini açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Diaspor Gənclərinin Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilməsinin tarixi önəmindən danışıb. Bu ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunduğunu xatırladan Komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. 

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və düşərgənin işinə uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, ölkəmiz gənc nəsilə güclü investisiya edir: “Dövlətimiz gənclərin yüksək inkişaf tempi olan ölkədir”.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, 2-8 avqust tarixini əhatə edəcək Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *