QHT-lərin Qayıdışla bağlı bilik və bacarıqlarının artırılması istiqamətində layihə həyata keçirilməkdədir- Müsahibə

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinın (HTA) fəaliyyətinin 10 ili tamam olur. Təşkilat öz fəaliyyətini ölkəmizdə hüquq islahatlarının həyata keçrilməsi və beynəlxalq hüquqa əsaslanmış Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qurub. Təşkilatın təsisçi və İdarə Heyətinin sədri Ramil İskəndərli ilə müsahibəni təqdim edirik.

 – Hansı amillər “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinın yaradılmasına səbəb olub?

Təşkilatın yaradılmasını ölkəmizdə aparılan hüquqi dövlət quruculuğu islahatlara dəstək vermək, bu sahədə olan problemlərin tədqiqi, yaranmaqda olan yeni hüquq sahələrinin araşdırılması, insan hüquqları, ədalət mühakiməsinin həyata keçirilməsi və qanunun aliliyi istiqamətində milli qanunvericiliyin və onun tətbiqi təcrübəsinin beynəlxalq standartlara nəzərən təhlillərin aparılması ehtiyacı şərtləndirmişdir. Biz də indiyədək bu məsələlərlə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiririk. Yeri gəlmişkən, Azərbaycanda aparılan hüquq islahatlarının həyata keçirilməsində xüsusi əməyi olan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, cənab Anar Bağırovun 10 illik fəaliyyətimizlə bağlı ünvanladığı rəsmi təbrik məktubunda da əməyimizi yüksək qiymətləndirdiyinə görə, fürsətdən istifadə edib, təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda fəaliyyətimizin işıqlandırılmasında daim dəstək olan “alp.az” ictimai-siyasi, analitik media qrumuna da öz minnətdarlığımı bildirirəm.

– Ölkədaxili proseslərdə təhlil işinin aparılması üçün “Hüquqi Təhlil və Araşdırmalar” təşkilatı kimi qurumlara ehtiyacın olduğu bəllidir. Ancaq sizin fəaliyyətiniz daha çox beynəlxalq hüquq istiqamətində ixtisaslaşdığı müşahidə olunur. Xüsusən də Vətən Müharibəsindən sonra Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquq aspektində təhlilinə daha çox ayırırsınız. Bu barədə də fikirləriniz maraqlı olardı…

Bəli, müşahidələriniz doğrudur. Biz öz fəaliyyətimizi ölkəmizi qlobal mənada narahat edən aktual məsələlərin araşdırılması istiqamətində də qururuq. Vətən Müharibəsi zamanı və ondan sonra, yəni post-müharibə vaxtlarında təşkilatımız beynəlxalq humanitar hüquq fəaliyyəti ilə daha çox yadda qalmışdır. Ermənistanın və separatçı ermənilərin qanunsuz hərbi birləşmələrinin Azərbaycan Respublikası, önun mülki əhalisi, mədəni irsi, ekologiyası, təbii sərvətləri, şəhər və kəndləri, tarixi və dini abidələrinə qarşı törətdiyi cinayətlər barədə hesabatlar hazırlnamış, müraciətlər göndərilmiş və açıqlamalar verilmişdir. Bəzən bu kimi hallar ölkədaxilində hiss olunmur. Amma bu bizi narahat etmir. Əsas məqsəd Azərbaycan dövlətinə beynəlxalq humanitar hüquq sahəsində dəstək vermək və ictimai təşkilat kimi yanında olmaqdır. Məsələ burasındadır ki, beynəlxalq təşkilatlarda ictimai qurumların mövqeyinə əhəmiyyət verilir. Bir çoxlarımız buna diqqət yetirmirik və hər şeyin dövlət qurumları tərəfindən edilməsini gözləyirik. Ancaq beynəlxalq arenada yanaşma tərzi fərqlidir. İctimai təşkilatlar fəal olmalıdırlar ki, müstəqil mövqe kimi qəbul olunsun. Bir sözlə, ermənilərin Azərbaycana qarşı etdiyi qanuna zidd əməlləri beynəlxalq humanitar hüququn imkanlarından istifadə etməklə həyata keçirməyə çalışırıq.

– Bu gün təşkilatınızın prioritetləri hansılardır?

Hal-hazırda HTA Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə post-münaqişə dövründə QHT-lərin rolu və qayıdışla bağlı hüquqlar sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində layihə həyata keçirməkdədir. Təşkilatımız eyni zamanda beynəlxalq qurumlarla effektiv əməkdaşlıq edir. Belə ki, insan hüquqları, yuvenal ədliyyə, korrupsiyaya qarşı mübarizə, insan alveri, beynəlxalq cinayətlərin qarşısın alınması istiqamətində mövcud beynəlxalq standartların təbliği üzrə BMT-nin Narkotiklər və Cinayətlər İdarəsinin Vətəndaş Cəmiyyəti Bölməsi ilə, eləcə də Cinayətlərin Önlənməsi və Ədliyyəyə Çıxış Beynəlxalq QHT Alyansının üzvü kimi bir sıra beynəlxalq QHT-lərlə əlaqələr qurur. Hər biri ayrı-ayrılıqda vacib istiqamətlərdir. Ancaq mərhələli və paralel şəkildə fəaliyyətimizi davam etdiririk.

Alp Xəbər

Leave a Reply

Your email address will not be published.