Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi

Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Konfransda  Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə  Qarabağımızın incisi Şuşa şəhəri “2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb. 

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhəri növbəti il üçün İslam Dünyasının mədəniyyət paytaxtı elan edilib. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır.

Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *