“İtkin Düşmüş Şəxslər” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir

23.09.2022 tarixində Bakıda “İtkin düşmüş şəxslər: hüquqi və praktiki problemlər” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans “Şuşa ili” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.

Konfransı açıq elan edən “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov konfransın əsas məqsədinin sülh gündəliyinin formalaşmasına və post-münaqişə mövzularının müzakirə edilməsinə vətəndaş cəmiyyəti tərəfindən töhfə verməkdən ibarət olduğunu bildirmişdir.

Konfrans zamanı ekspertlər Kənan İsmayılov və Arzu Abdullayeva tərəfindən mövzu ilə bağlı təqdimatlar edilmiş, bu çıxışlar ətrafında müzakirələr təşkil olunmuş və həm sülh quruculuğu prosesinin, həm də bu proses zamanı itkin düşmüş şəxslərlə bağlı problemin həllinə çağırışı özündə əks etdirən müraciət layihəsi müzakirə olunmuşdur.

Müraciət vasitəsilə beynəlxalq ictimaiyyət Azərbaycan tərəfindən səsləndirilən birmənalı sülh danışıqlarına dəstəyin ifadə olunmasına çağırış edilir.

Tədbirdə millət vəkilləri, dövlət orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər, diplomatik korpus nümayəndələri iştirak etmişdir.

Müraciətin mətni aşağıdakı kimidir:

“İtkin düşmüş şəxslər: hüquqi və praktiki problemlər” adlı Beynəlxalq Konfrans zamanı müraciət təqdim olundu. Şərhdə ad və soyadınızı qeyd etməklə müraciətə qoşula bilərsiniz.

Beynəlxalq hökumətlərarası təşkilatlara

Beynəlxalq qeyri-hökumət təşkilatlarına

M Ü R A C İ Ə T

Biz – hazırkı müraciəti imzalayan qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai və gənc fəallar, sıravi vətəndaşlar Azərbaycan-Ermənistan sərhəddində 2022-ci ilin sentyabr ayında baş vermiş hərbi eskalasiyaya və bu eskalasiya nəticəsində itkilərin olmasına baxmayaraq sülh gündəliyinin zəruriliyini və bunun üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edirik. Uzun illər ərzində mövcud olmuş münaqişənin bitdiyini rəsmiləşdirmək üçün sülh müqaviləsinin müzakirə edilərək imzalanması mütləqdir. Sülh müqaviləsindən yalnız Azərbaycan deyil, həm Ermənistan, həm də ümumilikdə Cənubi Qafqaz regionu faydalanmış olacaq. Sülh regionun gələcək inkişafına, insanların təhlükəsiz, dinc və firavan həyat sürməsinə, iqtisadi-sosial tərəqqinin genişlənməsinə böyük töhfə verə bilər.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi sülh quruculuğu prosesinin əsas mövzularından biri kimi müzakirə olunmalı və bu istiqamətdə mövcud problemlər öz həllini tapmalıdır. İtkin düşmüş şəxslər məsələsinin həlli təkcə humanitar məramlar üçün deyil, həm də insanların ağrılarının aradan qaldırılması, onların sülh quruculuğuna və yekun sülhə inamının bərpa edilməsi, insanlararası münasibətlərin normallaşması baxımından zəruridir. Azərbaycan Respublikasının ancaq birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə qədər vətəndaşının itkin düşmüş hesab olunması faktı problemin və insanlara təsirinin həcmini təsəvvür etməyə kifayət edir. Ermənistan tərəfdən də münaqişə nəticəsində itkin düşmüş hesab edilən şəxslər vardır.

Biz beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarını Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan tərəfinin açıq və birmənalı şəkildə ifadə olunan təklifini dəstəkləməyə çağırırıq. Biz eyni zamanda beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslər problemini xüsusi diqqətdə saxlamağa, kütləvi məzarlıqların yerləri və digər zəruri məlumatları bölüşməyi təşviq etməyə, identifikasiya prosesinə maliyyə, texniki və digər zəruri dəstək verməyə çağırırıq. Bu kontekstdə sülh quruculuğu mövzularının, o cümlədən, itkin düşmüş şəxslərlə bağlı məsələnin müzakirə edilərək həllinə töhfə vermək məqsədilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyət təşkilatlarının (nümayəndələrinin) birgə iştirakını ehtiva edən platformaların yaradılması beynəlxalq ictimaiyyət tərəfindən təşviq olunmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *